 Hərbi hissənin zabit-gizir heyəti nəzarətə götürülüb
Bir polkovnik yoxa çıxıb
Yanvarın 28-də Daşkəsəndəki "N" saylı Hərbi Hissəsində 6 hərbçinin qətlilə bağlı baş vermiş hadisədən sonra hərbi hissənin zabitləri cəzalandırılıb. Qaynar.info xəbər verir ki, bu barədə məlumatı "Olaylar"a hərbi mənbələrdən verilib. Məlumata görə, hərbi hissənin Artilleriya Divizionunda baş vermiş hadisədən sonra bütün hərbi hissənin zabit-gizir heyətinin yerdəyişməsinə başlanıb. Məlumata görə, hadisədən sonra bir neçə zabit, xüsusilə də Artilleriya Divizionunun zabit və gizirləri, o cümlədən əsgərlərdən də bir neçə nəfər istintaqa cəlb edilib. Hələlik onların saxlanıb-saxlanmaması barədə konkret məlumat yoxdur. Amma proses bununla başa çatmayıb. Müdafiə nazirinin əmrilə hərbi hissənin bütün zabit və gizir heyəti xüsusi nəzarətə götürülüb. Əmrə əsasən isə bir neçə gün əvvəl hərbi hissənin zabit-gizir heyəti arasında "təmizləmə" əməliyyatına başlanıb. Yəni hərbi hissənin bəzi rəhbər şəxsləri də daxil olmaqla bütün zabit-gizir heyəti başqa hərbi hissələrə köçürülüb. Həmin zabitlər ayrı-ayrı hərbi hissələrdə cərimə batalyonlarına göndərilib. Mənbə bildirir ki, əksər zabitlər cərimə batalyonlarında hətta rütbəsindən aşağı vəzifəyə də göndərilib. Bu şəxslər "işində yol verdiyi nöqsana görə" rütbəsindən aşağı vəzifəyə göndərilib.
Dünən agentlik daha bir maraqlı xəbər yayıb. Daşkəsəndəki "N" saylı Hərbi Hissədə baş verən qətl hadisəsindən sonra həmin hərbi hissənin komandiri polkovnik Polad Həşimov yoxa çıxıb. Məlumata görə, hərbi hissədə komandir barədə müxtəlif məlumatlar yayılıb. Bəziləri polkovnik Həşimovun ehtiyata tərxis edildiyini desələr də, bəziləri hərbi hissə komandirinin hadisə ilə bağlı məsuliyyətə cəlb edildiyini bildirir: "Hərbi hissədə komandirlə bağlı daha bir məlumat yayılıb. Məlumat gəzir ki, guya hadisədən sonra hərbi hissə komandirinin rütbəsi bir pillə aşağı endirilib. Elə bu məqsədlə də hərbi hissə komandiri bir müddət həmin hərbi rütbə ilə rəhbərlik etdiyi şəxsi heyət qarşısına çıxmaqdan imtina edib. Hazırda hərbi hissə komandiri vəzifəsini qərargah rəisi yerinə yetirir. Mənbə bildirir ki, hərbi hissə komandiri vəzifəsini icra etmədiyindən, hərbi hissədən əsgər və zabitlərin məzuniyyətləri də dayandırılıb. //QayNar
|