 Bunu Baş Prokuror Zakir Qaralov bəyan edib
Yanvarın 28-də Müdafiə Nazirliyinə məxsus Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissədə 6 hərbi qulluqçunun ölümü, 2-sinin yaralanması ilə nəticələnən ağır cinayət hadisəsi ilə bağlı 2 nəfər həbs olunub. Qaynar.info xəbər verir ki, bunu Respublikanın Baş Prokuroru Zakir Qaralov Azərtac-a müsahibəsində bəyan edib. Baş prokuror deyib ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hərbi hissənin vəzifəli şəxsləri - divizion komandirinin müavini mayor Vələd Qurbanov və tağım komandiri baş leytenant Rüstəm Əhmədov 2010-cu il yanvarın 28-də tabeçilikdə olan tağım əsgərlərinə təmizləmələri üçün silahlar paylandıqdan sonra onların mühafizəsini təşkil etməyərək əsgərləri nəzarətsiz qoymaqla divizionun ərazisini tərk etmələrinə şərait yaratdıqları, habelə hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı digər sui-istifadə hallarına yol vermələri müəyyən edildiyinə görə, təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və barələrində hərbi məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.
Cənab Qaralov deyib ki, hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Respublikanın Baş Prokuroru onu da bildirib ki, Daşkəsəndəki hərbi hissədə zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi barədə silahlı qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal məlumatlandırılmış və təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin icrasına başlanılıb. Həmin tədbirlər bu gün də eyni intensivliklə davam etdirilir."
Xatırladaq ki, Müdafiə Nazirliyinə məxsus Daşkəsən rayonunun Xoşbulaq ərazisində yerləşən hərbi hissədə 6 hərbi qulluqçunun ölümü, 2-sinin yaralanması ilə nəticələnən faciə ötən gün Milli Məclisdə də müzakirə olunub.//QayNar
|