
Qəzet Əflatun Amaşova etiraz əlaməti olaraq ağ çap olundu QayNar: Qaynar.info-ya Azərbaycan Mətbuat Şurası ilə məhkəmə çəkixməsində olan "Gündəlik Bakı" qəzetinin etiraz bəyanatı daxil olub. Bəyanatda qəzetin MŞ-nın qərarına etiraz əlaməti olaraq ağ çap olunduğu vurğulanır: "Qəzetimiz çap olunduğu 3 il müddətində dövlətin və dövlətçiliyin müdafiəsi ilə yanaşı, jurnalistika prinsiplərinin qorunması, azad sözün müdafiəsi naminə çalışıb. Qəzet olaraq müxtəlif problemlərin həll edilməsində yaxından iştirak etməklə yanaşı, mətbuatın inkişafı naminə layihələr həyata keçirmişik. Mətbuat işçiləri olaraq həmişə çalışmışıq ki, «KİV Haqqında» Qanunun bütün tələblərini qoruyaq, etik normalardan kənara çıxmayaq, oxucuların etimadını qoruyaq. Biz bunu bacarmışıq. Təbii ki, bu zaman müxtəlif formalı təzyiqlərlə, məhkəmələrlə üzləşmişik. Hətta narkomaniya ilə bağlı yazılara görə, ölümlə belə hədələnmişik. Amma yolumuzdan dönməyərək cəmiyyətimizə sədaqətlə xidmət etmişik. Qarşılaşdığımız bütün çətinliklər və problemlər nə qədər dözülməz olsa da, bizim üçün başadüşüləndir. Ancaq növbəti təzyiqin mətbuatın müdafiəçisi missiyasını üzərinə götürmüş, jurnalistikanın inkişafını yüksəltmək üçün məhz jurnalistlərin dəstəyi ilə yaradılmış Mətbuat Şurasının sədri Əflatun Amaşovdan gəlməsi və hələ də davam etməsi başadüşülən deyil. Bir neçə aydır MŞ tərəfindən qəzetimizə qarşı davam edən anlaşılmaz siyasət müxtəlif mətbuat orqanlarında, elektron KİV-lərdə, hətta televiziyada geniş müzakirə olunduğu üçün bu məsələnin üzərində çox dayanmağa ehtiyac görmürük. Biz bir qəzet kollektivi olaraq bu problemin hüquqi müstəvidə həllinə tərəfdar olduğumuz, qanunun aliliyinə inandığımız üçün problemin ədalət məhkəməsində həllini doğru yol hesab etdik. Amma çox təəssüf ki, hazırda 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi qəzetimizin Mətbuat Şurasına qarşı qaldırdığı haqlı iddiasını qarşı tərəfinin təzyiqləri səbəbindən təmin etməkdə tərəddüd edir. Bu hal sonuncu məhkəmə prosesində daha qabarıq şəkildə özünü göstərdi. Hətta qaldırdığımız vəsatətlərdən heç biri təmin olunmadı. Ən biabırçı hal odur ki, təzyiqlər təkcə məhkəməyə deyil, hətta qəzetlərin yayımı ilə məşğul olan firmalara da yönəldilib. Bu səbəbdən də artıq «Qasid» ASC qəzetimizin yayımından imtina edib və bizimlə bağladığı müqaviləni birtərəfli qaydada kobud şəkildə pozub. Yayım firmasının rəhbəri, millət vəkili Mirkazım Kazımovun verdiyi qərardan aşkar şəkildə görünür ki, o, bu qərarı təzyiq altında qəbul edib. Yayım firmasının bizə qarşı olan bu qanunsuz hərəkətindən məhkəmədə vəsatət qaldırsaq da, hakim Tahirə Əsədova bu haqlı tələbimizi də təmin etmədi. Bütün bunlar onu göstərir ki, Əflatun Amaşovun himayədarları məhkəməyə, onun sədri Müseyib Hüseynova da açıq təzyiq yolu tutublar. Biz, «Gündəlik Bakı» qəzetinin kollektivi olaraq bu hüquqi biabırçılığa, qanunların tapdalanmasına, özbaşınalığa, Əflatun Amaşovun bizə qarşı həyata keçirdiyi ardıcıl təzyiqlərə və məhkəməyə etiraz əlaməti olararaq azad sözün simvolu sayılan qələmdən bir günlük imtina etmişik. Ona görə də bu günkü sayımız ağ çıxıb. Bu azad sözü, mətbuatı müdafiə etmək üçün seçdiyimiz ilk simvolik etiraz aksiyasıdır. Əgər 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin hakimi Tahirə Əsədova ədalətli qərar qəbul etməsə, «Qasid» ASC-nin rəhbəri, millət vəkili Mirkazım Kazımov öz qanunsuz qərarını ləğv etməsə, Əflatun Amaşov Azərbaycan mətbuatında gərginlik yaratmaqda davam edərsə növbəti aksiyalarımız daha ciddi və genişmiqayaslı olacaq. Bunun məsuliyyətini yuxarıda adları çəkilən məsul şəxslər daşıyacaqdır. Sonda onu da qeyd edək ki, bütün ölkə vətəndaşlarının qarantı olan prezident İlham Əliyevin bu məsələyə münasibət bildirəcəyinə əminik. Bu müvəqqəti aksiyaya görə, daimi oxucularımızdan üzr istəyirik".//QayNar
|