Dünən gecə saatlarında Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində intihar hadisəsi baş verib. Bu barədə anspress-ə məlumatı Şirvan Şəhər Polis Şöbəsinin müstəntiqi Rafael Həsənov verib. Məlumatda bildirilir ki, 1988-ci il təvəllüdlü, orta təhsilli Elnur Mahmudov özünü yaşadığı evin həyətindəki dirəkdən asıb. İlkin ehtimala görə, hadisəyə səbəb 22 yaşlı gəncin toy edə bilməməsi olub. O, bir müddət nişanlı qalsa da bu ilin qış aylarında toy etmək istəyib, lakin valideynləri imkansızlıq üzündən toyu yay aylarına qədər təxirə salmaq barədə qərar verib. Müstəntiq onuda əlavə edib ki, yaxınları E.Mahmudovun hərbi xidmətdən qayıtdıqdan sonra nisbətən əsəbi olduğunu bildiriblər. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.//QayNar
Yanvarın 17-də respublikanın daxili işlər orqanları tərəfindən 46 cinayət faktı qeydə alınıb, onların da 27-i «isti izlər»lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. DİN-dən verilən məlumata görə, həmin gün avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 4 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 21 nəfər tutulub.//QayNar